Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı əməliyyat-taktiki təlimlər çərçivəsində gecə vaxtı döyüş atışlı mərhələ həyata keçirib.
“Qoşunlar düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsi tapşırıqlarını icra edib”, - Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
Qeyd olunub ki, mürəkkəb dağlıq relyef və radioelektron mübarizə, həmçinin təlimlərin niyyəti liə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunların müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirilib, qoşunların və idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.
“Müxtəlif təlim poliqonlarında motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, təyyarə və helikopterlər döyüş atışları, praktiki raket buraxılışları icra edib”, - məlumatda deyilir.
Bildirilir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşunların peşəkarlığını və şəxsi heyətin hazırlığını yüksək qiymətləndirib. **
F.İsazadə