Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycanın müdafiə nazirinin Qarabağ zonasında Ermənistan Silahlı Qüvvələrinin müşahidəsi altında olmasına dair səsləndirdiyi fikirləri cəfəngiyat adlandırıb.
Qriqoryan bəyan edib ki, guya Z.Həsənov genişmiqyaslı əməliyyat-taktiki təlimlər çərçivəsində cəbhəyanı zonada olarkən Ermənistan Silahlı Qüvvələrinin müşahidəsi altında olub və bu barədə məlumat alan kimi təmas xəttini tərk edib.
“Ermənistanın Təhlükəsizlik Şurasının katibinin səsləndirdiyi sərsəm fikirlər gülünc doğurur və onun hərb işində diletant olduğunu göstərir”, - “İnterfaks-Azərbaycan”a Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Nazirlikdən əlavə ediblər ki, “həm Azərbaycanın işğal olunmuş əraziləri, həm də Ermənistanın bütün ərazisi tamamilə Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır”. **
Ə.Məmmədov, F.İsazadə