Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın "İzvestiya" qəzetinin jurnalisti Qriqoriy Klimovun Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı məsələni araşdırır. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.
"Onunla (Klimov - İF) bağlı bizdə bəzi şübhələr yaranıb. Hazırda bu məsələni araşdırırıq", - deyə L.Abdullayeva "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
O vurğulayıb ki, “jurnalist haqqında müvafiq məlumatlar əldə edildikdən” sonra onun adı “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na salınacaq.
Qeyd edək ki, bu gün "İzvestiya" qəzetinin saytında Qriqoriy Klimovun müəllifi olduğu “Müharibə zamanı ziyafət: Qarabağ 25 illik atəşkəsdən sonra” adlı məqalə dərc olunub. Məqalədə Dağlıq Qarabağdakı vəziyyəti təsvir edən jurnalist rusiyalı oxucuya qanunsuz rejim nümayəndələrindən əldə etdiyi təhrif olunmuş məlumatları təqdim edir.*
F.İsazadə