Azərbaycan, Rusiya və İran yükdaşımalarının tənzimlənməsi ilə bağlı işçi qrupunun iclasını keçirəcək. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilir.
“Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Moskvaya səfər zamanı Rusiya Federasiyasının nəqliyyat naziri Yevgeni Ditrix ilə iki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri, eləcə də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə tranzit yükdaşımalarının həcminin artırılması istiqamətində görüləcək tədbirləri müzakirə edib”, - məlumatda qeyd olunur.
Həmçinin tərəflər Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan) – “Yaraq-Qazmalar” (Rusiya) buraxılış məntəqələri ərazisində Samur çayı üzərində tikilən körpünün istismara verildikdən sonra istifadəsi və “Platon” sistemi haqqında danışıqlar aparıblar.
“Eyni zamanda, nazirlər görüş zamanı Xəzər dənizində birgə xilasetmə işlərinin təşkil olunması, hava daşımalarında və nəqliyyatın rəqəmsallaşdırılması sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə ediblər. Tərəflər İran, Azərbaycan və Rusiya arasında yükdaşımalarının tənzimlənməsi ilə bağlı işçi qrupunun danışıqlar aparması və sənədlərin hazırlanması barədə də razılığa gəliblər”, - məlumatda qeyd olunur. **
N.Abbasova