Prezident İlham Əliyev “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən, Energetika Nazirliyinə qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla energetika sektorunun inkişafının əsas prioritetləri və hədəfləri müəyyən edilməklə “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsini 12 ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
Həmçinin, Energetika Nazirliyinə elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılır.
O cümlədən, ölkənin elektroenergetika sisteminin səmərəliliyinin artırılması məqsədi ilə bu sahəyə özəl investisiyaların cəlb edilməsi barədə təkliflərini İqtisadiyyat Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırmaqla altı ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
Bundan əlavə, Energetika Nazirliyinə bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair təkliflərini hazırlayıb dörd ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılır.
Həmçinin, ölkədə qaz və istilik təchizatı sistemlərinin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahələrdə islahatların aparılması ilə bağlı təkliflərini altı ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
Nazirlər Kabineti Energetika Nazirliyinin təklifləri əsasında “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Azərbaycan Respublikası qanunlarının layihələrini, habelə “Energetika haqqında” və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanunlarının yeni layihələrini hazırlayıb 12 ay müddətində Azərbaycan prezidentinə təqdim etməlidir. **
B.Rüstəmbəyov