Xarici İşlər Nazirliyi polşalı alim Piotr Leoniakın adını “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarıb.
“P.Leoniak Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib. Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasına dair qərar qəbul edilib”, - deyə XİN-in mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Nazirlikdən vurğulayıblar ki, Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bildirən P.Leoniak müraciətində səfərin nəticələri barədə məlumatsız olduğunu qeyd edib. Habelə, o, işğal olunmuş ərazilərimizə gələcəkdə bu cür qanunsuz səfərlərdən çəkinəcəyini bildirib.*
F.İsazadə