Ermənistanın məsuliyyətsiz davranışı bölgədə gərginliyin artmasına səbəb olub və Dağlıq Qarabağ münaqişəsinin həllinə zərər vurmaq cəhdidir. Bunu Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib.
“Təəssüflə qeyd etmək istərdik ki, məhz Ermənistanın məsuliyyətsiz davranışı nəticəsində bölgə yüksələn gərginlik astanasındadır. Ermənistanda müharibə tərəfdarlarının törətdiyi bu təxribatlar münaqişənin həlli üzrə aparılan danışıqların mahiyyətinə zərbə vurmaq cəhdidir”, - Abdullayeva Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycan hərbi qulluqçusunu qətlə yetirən hərbçiləri yüksək mükafatlandırmaya təqdim etməyini şərh edərkən bildirib.
Abdullayeva hadisələrin gələcək inkişafının bütün məsuliyyətini Ermənistan tərəfinin üzərinə qoyub.
O xatırladıb ki, may ayının sonunda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan silahlı qüvvələri snayper atəşi ilə qanlı təxribat törədib. Nəticədə azərbaycanlı zabit qətlə yetirilib. Bölgə səfəri ilə bağlı həmsədrlərin bəyanatından bir-neçə gün sonra Ermənistan yenidən qanlı cinayətə əl atıb.
“Tonoyan, Azərbaycan hərbi qulluqçusunu məhv etmək əmrini yerinə yetirənləri şəxsən mükafatlandırmaqla Ermənistanın işğalçı dövlət olduğunu etiraf etmiş olur. Bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalında bilavasitə iştirak etdiyinin bariz sübutudur. Tonoyanın bu hərəkəti həmçinin İrəvanın beynəlxalq vasitəçiləri aldatdığını və onlara hörmətsizlik etdiyini açıq şəkildə nümayiş etdirir”, - Abdullayeva qeyd edib.
Xəbər verildiyi kimi, İyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub.
Ermənistan XİN-dən məlumat verilib ki, nazir Tonoyan Qarabağ münaqişəsi zonasında erməni hərbçinin ölümündən sonra “cəza tədbirləri” həyata keçirən hərbi qulluqçuları mükafatlandırıb. **
F.İsazadə