“AccessBank” depozit portfelini proqnozlaşdırılan göstəricidən daha yüksək tepmlərlə artırır, bu ortamüddətli perspektivdə banka xarici borclardan imtina etməyə imkan verəcək. Bunu bankın İdarə Heyətinin sədri Anar Həsənov deyib.
“Son zamanlar ərzində “AccessBank”ın depozit portfeli artır, həm də proqnozlarımızadan daha yüksək tepmlərlə. Əgər bu vəziyyət davam edərsə, iki ildən sonra xarici kreditlərdən imtina etməyə müvəffəq olacağıq”, - Həsənov bu gün Bakıda keçirilən “Vergilər və gömrük” forumunda bildirib.
Onun sözlərinə görə, depozit bazasının artımı hazırda sahibkarların kapital qoyuluşlarını artırmağa üstünlük verdikləri ilə izah olunur.
Həsənov əlavə edib ki, “AccessBank” Azərbaycanda mikrokreditləşmə bazarında liderdir, bu seqmentdə bankın payı 60% təşkil edir.
2018-ci ilin yekunları üzrə “AccessBank” Azərbaycanda depozit portfelinin həcminə görə 8-ci yerdə qərarlaşıb.
2019-cu ilin əvvəlinə bankın depozit portfeli 501,138 mln. manat təşkil edib (2018-ci il ərzində artım 25,3%).
“AccessBank" Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və ölkənin aparıcı banklarının onluğuna daxildir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır. **
B.Rüstəmbəyov