UEFA Avropa Liqasının Bakıda keçirilən final oyunu nəticəsində Azərbaycana birbaşa və bilavasitə 680 mln. manat ($400 mln.) məbləğində vəsait daxil olub. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nicat Əsədli deyib.
“Azərbaycana birbaşa nağd şəkildə təxminən 175 mln. manat vəsait ($102,9 mln.) daxil olub. Ümumilikdə isə 680 mln. manatlıq iqtisadi qazanc əldə edilib”, - deyə o bildirib.
Analitik qeyd edib ki, Gənclər və İdman Nazirliyinin, AFFA-nın məlumatlarına görə, final oyunu ilə əlaqədar ölkəyə gələn xarici turistlərin sayı 37,4 min nəfər olub. Onların hesabına ölkəmizə 115 mln. manat ($67,6 mln.) nağd vəsait daxil olub. İqtisadi dəyərin 1,25 mln. manatdan çoxu Avroliqanın final oyununun keçirilməsi üçün cəlb olunan işçilərin əmək haqları hesabına yaranıb.
N.Əsədli vurğulayıb ki, AZAL-dan daxil olan məlumatlarda 108 çarter reysi üçün alınan xidmət haqqının 687 min manatdan çox olduğu əksini tapıb.
Onun sözlərinə görə, 300 mln.-a yaxın insan oyunu televiziya və internet üzərindən canlı izləyib. Mütəxəssislər hesab edir ki, beynəlxalq brendinq üzrə adambaşına düşən ortalama xərclər nəzərə alınsa, 300 mln.-a yaxın izləyici kütləsinə ölkəmizin media vasitəsilə tanıdılması üçün 505 mln. manatlıq ($297 mln.) vəsait ayrılmalı idi. Beynəlxalq turnirin Bakıda keçirilməsi eyni məbləğdə marketinq dəyəri yaradaraq, ölkəmizi yüz milyonlarla insana daha da yaxından tanıdıb.
UEFA Avropa Liqasının final oyunu mayın 29-da Bakıda İngiltərənin"Çelsi" və "Arsenal" komandaları arasında keçirilib. Oyun “Çelsi”nin 4:1 hesablı qələbəsi ilə başa çatıb.*
A.Əzizov