İyul-avqust aylarında Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının növbəti iclası keçirilə bilər. Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.
"Biz Keşikçidağ (David Qareci) monastır kompleksi ilə bağlı Gürcüstanla danışıqları davam etdiririk. Bu həftə ekspertlərin görüşünün keçirilməsi qərara alınıb", - deyə o, bu gün jurnalistlərə bildirib.
Diplomatın sözlərinə görə, görüşün yekunları üzrə Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının növbəti iclasının tarixi müəyyənləşdiriləcək.
"Hesab edirəm ki, görüş bu ilin iyul-avqust aylarında baş tuta bilər", - deyə X.Xələfov qeyd edib.
Xatırladaq ki, komissiyanın sonuncu iclası may ayında Bakıda keçirilib.*
F.İsazadə