Azərbaycan nəqliyyat və tranzit imkanlarını gücləndirməkdə maraqlıdır. Bu barədə prezident İlham Əliyevin Bakıda keçirilən 18-ci İnformasiya Texnologiyaları Konfransı və Sərgisinin iştirakçılarına ünvanladığı təbrikdə bildirilir.
"Azərbaycan şimalla cənubu və şərqlə qərbi birləşdirən ticarət yollarının kəsişməsində yerləşir. Buna görə biz nəqliyyat və tranzit sahələrində imkanlarımızın gücləndirilməsində maraqlıyıq", - deyə baş nazir Novruz Məmmədovun səsləndirdiyi müraciətdə qeyd olunur.
Dövlət başçısı bununla əlaqədar Azərbaycanın bu sahədə böyük investisiya qoyuluşları həyata keçirdiyini vurğulayıb.
"Azərbaycan İKT-nin inkişafına da böyük əhəmiyyət verir, ölkədə informasiya texnologiyalarının inkişaf etdirilməsi və bu sahədə aparıcı dünya təcrübəsinin tətbiq edilməsi məqsədilə ciddi islahatlar həyata keçirilir", - deyə İ.Əliyev bildirib.
Dövlət başçısı deyib ki, ölkənin gömrük sisteminin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində də ciddi iş aparılır.
"Gömrük prosedurlarının sadələşdirilməsi, biznes proseslərinə nəzarət olunması, bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə ciddi tədbirlər həyata keçirilir. Gömrük orqanlarının fəaliyyətində qabaqcıl rəqəmsal texnologiyaların tətbiqinə xüsusi önəm verilir”, - deyə müraciətdə vurğulanır.
İ.Əliyev, həmçinin respublikanın Ümumdünya Gömrük Təşkilatı ilə fəal əməkdaşlıq etdiyini diqqətə çatdırıb.*
R.Babayev