Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin yanvar-may ayları ərzində 1,57 mln. sərnişinə xidmət göstərib. Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin məlumatında deyilir.
Xəbər verildiyi kimi, Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin yanvar-may aylarında 1 mln. 56 min sərnişinə xidmət göstərib. Beləliklə, cari ilin hesabat dövründə sərnişin daşımalarının həcmi 0,6% artıb.
“Göstərilən müddət ərzində Bakının hava limanının baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” müvafiq olaraq 649 min və 177 min sərnişin daşıyıb”, - deyə məlumatda bildirilir.
Yanvar-may aylarında beynəlxalq uçuşlarda sərnişinlərin sayı 1,36 mln. təşkil edib ki, bunun da 32,2 faizi AZAL-ın, 13 faizi “Buta Airways”in payına düşüb. Göstərilən dövrdə xarici aviaşirkətlərin payı 54,8 faiz təşkil edib.
Heydər Əliyev Beynəlxalq Aeroportu bu il mayın 27-dən 30-dək ümumilikdə təxminən 600 reysə xidmət göstərib. Onlardan 57-si çarter reysləri, 10-u isə “FlyDubai”, “AirArabia”, “SCAT”, “IsrAir”, “Jazeera” və sair kimi aviaşirkətlərin əlavə müntəzəm uçuşlarının payına düşüb. Azərbaycanın əsas hava limanının sərnişin axını Bakıda UEFA Avropa Liqası finalının keçirildiyi dövrdə ümumilikdə təxminən 60 min nəfər olub.
Hazırda 27 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir.
“Bu ilin ilk beş ayında Azərbaycanın hava limanları 1,85 mln. sərnişinə xidmət göstərib”, - deyə məlumatda qeyd olunur.
2018-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu 4,43 mln. sərnişinə xidmət göstərib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.*
N.Abbasova