Bu ilin yanvar-may ayları ərzində Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsilə 790 mln. kubmetr Azərabaycan qazı (“Şahdəniz” yatağından hasil edilən) Türkiyəyə nəql edilib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Facebook sosial şəbəkəsindəki səhifəsində dərc olunmuş məlumatda bildirilir.
“Bu gün Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan və Azərbaycan qazının Türkiyə və Avropaya tədarükü üçün nəzərdə tutulan TANAP qaz kəmərinin istismara verilməsindən bir il ötür. Bu ilin yanvar-may ayları ərzində TANAP vasitəsilə 790 mln. kubmetr Azərbaycan qazı Türkiyəyə nəql edilib”, - deyə məlumatda qeyd olunur.
2018-ci ildə TANAP qaz kəməri ilə 1 mlrd. kubmetrə yaxın qaz nəql olunub. Beləliklə, qaz kəmərinin istismara verildiyi vaxtdan 1,8 mlrd. kubmetrə yaxın qaz nəql olunub.
SOCAR-ın proqnozlarına görə, TANAP qaz kəməri Türkiyənin qaza olan tələbatının 12%-ni təmin edəcək.
Xəbər verildiyi kimi, TANAP-ın birinci fazası (Gürcüstan-Türkiyə sərhədindən Əskişəhərədək) 2018-ci il iyunun 12-də işə salınıb. Türkiyəyə ilk kommersiya qazının tədarükünə ötən il iyunun 30-dan başlanılıb.
Ümumi uzunluğu 1,85 min kilometr olan TANAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcək. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına nəql olunacaq. Layihənin dəyəri $7 mlrd.-dır.
TANAP layihəsinin səhmdarları SOCAR (51%), “SOCAR Turkiye Enerji” (7%), BOTAS (30%) və BP şirkətləridir (12%).*
N.Abbasova