Sahibkarlığın İnkişafı Fondu (SİF) son illərdə aqrar sektorun inkişafı üçün təxminən 156 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov məlumat verib.
"SİF son bir neçə il ərzində aqrar sektorun inkişafı üçün 155,7 mln. manat məbləğində güzəştli kredit verib”, - deyə o, bu gün Yevlaxda keçirilən “Ət, süd və arıçılıq məhsullarının istehsalı sahəsində mövcud vəziyyət və inkişaf perspektivləri”nə dair regional konfransda bildirib.
S.Məmmədovun sözlərinə görə, Sahibkarlığın İnkişafı Fondu tərəfindən 47.5 min başlıq, illik istehsal gücü 142.7 min ton süd və 5.9 min ton ət olan 26 cins heyvandarlıq kompleksinin yaradılmasına 110.7 mln. manat, ildə 230 min ton süd emal etmək gücündə olan 12 emal müəssisəsinə 25 mln. manat güzəştli kredit verilib. Bundan başqa, ət kəsimi və emalı üzrə 10 müəssisəyə 14.9 mln. manat, arıçılığın inkişafına 5.1 mln. manat güzəştli kredit ayrılıb.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.
2018-ci ildə fondun xətti ilə sahibkarlara 160,2 mln. manat güzəştli kredit verilib. 2019-cu ildə bu məbləğ ən azı 160 mln. manat təşkil edəcək.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.*
B.Rüstəmbəyov