Ermənistan rəhbərliyinin son bəyanatları və cəbhə xəttində törədilən qanlı təxribatlar Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə ciddi xələl gətirir. Bunu xarici işlər naziri Elmar Məmmədyarov bu gün Bakıda ATƏT-in Parlament Assambleyasının prezidenti George Tsereteli ilə görüşdə deyib.
Onun sözlərinə görə, Azərbaycanın danışıqlar prosesində mövqeyi dəyişilməz olaraq qalır. “İşğal edilmiş ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtması danışıqların təməlini təşkil edir”, - deyə XİN başçısı vurğulayıb.
Öz növbəsində, G.Tsereteli ATƏT PA-da etdiyi rəhbərlik dövründə bu önəmli məsələlərə böyük diqqət ayırdığını, münaqişələr və onların humanitar fəsadlarının aradan qaldırılması və yumşaldılmasının vacibliyini qeyd edib. G.Tsereteli ATƏT PA-nın bu məqsədlə müxtəlif cür təmas imkanlarını təmin etməyə hazır olduğunu söyləyib.
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıblar.*
B.Rüstəmbəyov