2018-ci ildə Azərbaycan ilə Rusiya arasında qarşılıqlı ticarət dövriyyəsi 19% artaraq $2,6 mlrd.-a çatıb. Bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
"Azərbaycan ilə Rusiya arasında qarşılıqlı ticarət dövriyyəsi 2018-ci ildə 19% artaraq $2,6 mlrd.-a çatıb. Cari ilin 4 ayı ərzində isə ticarət dövriyyəsi 23% artıb", - deyə Ş.Mustafayev Rusiya Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Nazir vurğulayıb ki, Azərbaycan-Rusiya münasibətləri çoxplanlı olmaqla ikitərəfli, regional və beynəlxalq səviyyədə dinamik inkişaf edir.
Onun sözlərinə görə, Rusiya əsas iqtisadi tərəfdaşlardan biridir. Rusiya Azərbaycan iqtisadiyyatına $4,5 mlrd., Azərbaycan isə Rusiya iqtisadiyyatına $1,2 mlrd. sərmayə yatırıb.
"Hazırda ölkələrimiz maşınqayırma, kənd təsərrüfatı avadanlıqlarının istehsalı, kimya sənayesi, əczaçılıq və digər sahələrdə birgə layihələr həyata keçirir", - deyə Ş.Mustafayev qeyd edib.
O, tranzit-nəqliyyat sahəsində əməkdaşlığa da toxunub. Nazirin sözlərinə görə, bu sahədə əsas layihələrdən biri "Şimal-Cənub" layihəsidir. Bu layihə çərçivəsində 2018-ci ildə tranzit daşımalar 8 dəfə, bu ilin birinci rübündə isə 2 dəfə artıb.
Ş.Mustafayev, həmçinin turizm sahəsində də əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. "2018-ci ildə Azərbaycana təxminən 900 min Rusiya vətəndaşı gəlib. Rusiya turist axınının həcminə görə 1-ci yerdədir", - deyə iqtisadiyyat naziri əlavə edib.
O, Azərbaycan-Rusiya əməkdaşlığının birgə səylərlə bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib ki, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır.
"İqtisadi əməkdaşlığın daim genişlənməsi, xalqlarımızı bir araya gətirən humanitar və təhsil layihələrinin inkişafı tərəfdaşlığımızın fərqləndirici xüsusiyyətidir. Biz Azərbaycan-Rusiya münasibətlərinin gələcəyinə inamla baxırıq", - deyə səfir vurğulayıb.
M.Boçarnikov Azərbaycanla bağlı təəssüratlarını da bölüşüb.
"Azərbaycan gözəl ölkədir, onun təbiətinin gözəlliyinə heyranam. Xüsusilə memarlıq üslubu ilə valeh edən paytaxtı qeyd etmək istəyirəm. Bizə yaxın olan və sürətlə inkişaf edən belə bir ölkədə işləməkdən çox məmnunam", - deyə o bildirib.*
A.Əzizov