Azərbaycan ilə Rusiya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası payızda Bakıda keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
"Komissiyanın əvvəlki iclası ötən ilin dekabr ayında keçirilib, buna görə növbəti iclas plana uyğun olaraq Bakıda keçiriləcək. İclasın payızda keçirilməsi nəzərdə tutulur”, - deyə mənbə bildirib.
Onun sözlərinə görə, hazırda tərəflər iclasın gündəliyini razılaşdırırlar.
Komissiyanın həmsədrləri Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkindir.
Rusiya əsas iqtisadi tərəfdaşlardan biridir. Rusiya Azərbaycan iqtisadiyyatına $4,5 mlrd., Azərbaycan isə Rusiya iqtisadiyyatına $1,2 mlrd. sərmayə yatırıb.
2018-ci ildə iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi 19% artaraq $2,6 mlrd.-a çatıb. Cari ilin 4 ayı ərzində isə ticarət dövriyyəsi 23% artıb.
Hazırda Azərbaycan və Rusiya maşınqayırma, kənd təsərrüfatı avadanlıqlarının istehsalı, kimya sənayesi, əczaçılıq və digər sahələrdə birgə layihələr həyata keçirir.*
A.Əzizov