Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətlərinin üçdə ikisi ölkədə həyata keçirilən layihələrə əlavə investisiyaların yatırılması imkanlarını nəzərdən keçirir. Bu barədə Avropa İttifaqının (Aİ) 2019-cu ildə Azərbaycanda biznes mühiti ilə bağlı hesabatında qeyd olunur.
Azərbaycanda fəaliyyət göstərən 130 Avropa şirkətinin iştirak etdiyi sorğunun nəticələrinə əsaslanan hesabata görə, respondentlərin 64%-i bildirir ki, 2019-cu ildə ölkədə iqtisadi perspektivlər sabit olacaq.
Respondentlərin 45%-i investisiya dinamikasının sabit olacağını proqnozlaşdırır, 47%-i işçi ştatını olduğu kimi saxlamağı planlaşdırır”, - deyə "İnterfaks-Azərbaycan" agentliyinin malik olduğu hesabatda vurğulanır.
Hesabatda, həmçinin şirkətlərin sektoral proqnozları da yer alıb. Belə ki, sorğuda iştirak edənlərin 61%-i öz fəaliyyət sahəsinin qənaətbəxş, 16%-i güclü, 23%-i isə zəif olması qənaətindədir.
"Müqayisə üçün deyək ki, ötən il respondentlərin 33%-i öz fəaliyyət sahələrini zəif, 46%-i isə qənaətbəxş olaraq qiymətləndirmişdi. Sektorlar üzrə perspektivlərin qiymətləndirilməsinə gəlincə, respondentlərin 30%-i vəziyyətin yaxşılaşacağını, 62%-i isə sabit olacağını gözləyir”, - deyə sənəddə vurğulanır.
Cari ildə sorğuda iştirak edən şirkətlərin 41%-i gəlirlərinin artacağını, 35%-i sabit səviyyədə qalacağını, 16%-i isə azalacağını gözləyir.
Eyni zamanda, şirkətlərin 29%-i cari ildə əsaslı xərclərini artırmaq, 45%-i isə onları mövcud səviyyədə saxlamaq niyyətindədir.*
Ə.Məmmədov