Azərbaycan və Rusiya hüquq-mühafizə orqanlarının hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində "Sərhəd" şərti adı altında keçirdiyi əməliyyat zamanı müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 31 şəxs tutulub. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) məlumatında deyilir.
"Sərhəd" əməliyyatı iyunun 3-dən 10-dək davam edib. Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və Azərbaycanın Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 31 şəxs, o cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 16 nəfər tutulub, itkin düşmüş hesab olunan 6 nəfər tapılıb, dövlətə borclu qismində axtarılan 63 nəfər saxlanılıb”, - deyə məlumatda bildirilir.
Qanunsuz saxlanılan 8 avtomat silahı, 2 qumbaraatan, 1 pulemyot, 6 tapança, 100 tüfəng, 37 qumbara, çoxlu sayda patron və sursat götürülüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 13 fakt aşkar olunub, ümumi çəkisi 5 tona yaxın 10,76 min ədəd çətənə kolu məhv edilib.
“Bundan başqa, tədbirlər zamanı sərhədyanı rayonların ərazisində törədilən 5 müxtəlif cinayətin açılması da təmin edilib”, - deyə məlumatda vurğulanır.
DİN-dən bildiriblər ki, belə birgə kompleks əməliyyat-axtarış tədbirləri gələcəkdə də keçiriləcək.*
B.Rüstəmbəyov