İranın ali lideri Ayətullah Əli Xamenei hesab edir ki, onun ABŞ prezidenti Donald Tramp ilə məlumat mübadiləsi aparmasına gərək yoxdur. Bu barədə Ə.Xameneinin Twitter hesabında məlumat verilib.
"Düşünmürəm ki, Tramp məlumat mübadiləsi aparmağın lazım olduğu adamdır. Mənim ona veriləcək cavabım yoxdur", – deyə Ə.Xamenei bildirib.
O, belə bəyanatla 41 il ərzində ilk dəfə İrana səfər edən Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşdən sonra çıxış edib. Ekspertlər hesab edirlər ki, Abenin səfəri İranla ABŞ arasında münasibətlərin qaydaya düşməsinə kömək edə bilər.
Ə.Xamenei, həmçinin deyib ki, İran ABŞ-a inanmır və Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində ABŞ ilə danışıqlarda qazanılmış acı təcrübəni bir daha təkrarlamayacaq.
"Biz ABŞ-ın İranla səmimi münasibətlər istədiyinə qətiyyən inanmırıq, çünki Tramp kimi bir şəxsin səmimi danışıqlar aparması heç vaxt mümkün deyil. Səmimiyyət amerikalı məmurlar üçün çox nadir haldır", - deyə ali lider vurğulayıb.