Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2019-cu ilin sonuna qədər bir sıra məsələləri həll etməyi, o cümlədən özəl investisiya fondu yaratmağı planlaşdırır. Bunu agentliyin İdarə Heyətinin sədr müavini Mehman Abbas deyib.
"Qarşımızda yeni vəzifələr durur. Qısa müddətdə biz kiçik və orta biznesə yeni dəstək mexanizmləri hazırlayacağıq, ilin sonuna qədər KOS evi açmağı planlaşdırırıq. Bundan başqa, biz "Kiçik və orta biznes haqqında" yeni qanunla bağlı işlərin başa çatmasını gözləyirik. Bu qanun bizim əsas sənədimiz olacaq", - deyə M.Abbas bu gün Bakıda keçirilən Azərbaycan-Aİ biznes forumunda bildirib.
M.Abbasın sözlərinə görə, agentliyin planlarına biznes assosiasiyalarının inkişafı, eləcə də KOS-lar üçün özəl investisiya fondunun yaradılması daxildir.
"Biz biznes assosiasiyalarının fəaliyyətini əhəmiyyətli dərəcədə inkişaf etdirmək niyyətindəyik və bu istiqamətdə Avropa ölkələri ilə əməkdaşlıq etməyə hazırıq. Bundan əlavə, ilin sonuna qədər KOS-lar üçün özəl investisiya fondunun yaradılmasını gözləyirik və fürsətdən istifadə edərək Avropa şirkətləri və fondlarını bu fondun yaradılması və inkişafında iştirak etməyə dəvət edirəm", - deyə o vurğulayıb.*
Ə.Məmmədov