Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər I oxunuşda qəbul edilib. Dəyişikliklər tənzimləyiciyə illik haqqın ödənilməsi qaydasını pozan maliyyə bazarı iştirakçılarının cərimələnməsini nəzərdə tutur.
İnzibati Xətalar Məcəlləsinin 471-ci maddəsinə edilən dəyişikliklərə əsasən, banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, idman mərc oyunlarının operatorları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, lotereya təşkilatçısı, investisiya fondları və onların idarəçiləri tərəfindən qanuna uyğun olaraq müəyyən edilən məbləğdə və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödənilməməsinə görə - vəzifəli şəxslər1000manat ($0,588 min), hüquqi şəxslər3000manat məbləğində ($1,76 min) cərimə ediləcək.
İndiyədək qanunvericilikdə bu cərimələrin sığorta bazarının peşəkar iştirakçılarına tətbiq olunması nəzərdə tutulurdu.
Xəbər verildiyi kimi, 2018-ci ildə Maliyyə Bazarlarına Nəzarət Palatası kredit təşkilatlarından 15,32 mln. manat (2017-ci illə müqayisədə artım 44,4%), sığorta və təkrarsığorta şirkətlərindən 4,102 mln. manat ( artım 36.7%), Mərkəzləşdirilmiş Kredit Reyestrindən isə 288 min manat (azalma 4,3 dəfə) məbləğində illik haqq alıb.*
A.Əzizov