Çinin «Huawei» şirkəti Dövlət Gömrük Komitəsi (DGK) ilə İT texnologiyaları sahəsində əməkdaşlığa ümid edir. Bu barədə komitənin məlumatında deyilir.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Huawei" şirkətinin qlobal hökumət işləri üzrə vitse-prezidenti Steven Şenqlə görüşüb.
Görüşdə S.Mehdiyev bildirib ki, Azərbaycan gömrük xidməti müasir texnologiyalar, gömrük nəzarəti prosesində tətbiq edilən ən yeni texniki vasitələrdən istifadə edir. Onun sözlərinə görə, Azərbaycan gömrüyü qısa zamanda blokçeyn texnologiyalarının tətbiqinə başlayacaq.
Komitə sədri "Huawei" şirkəti ilə bu görüşün İT texnologiyalarının gömrük sahəsindəki tətbiqinə mühüm şərait yaradacağına ümidvar olduğunu da vurğulayıb.
"Huawei" şirkətinin təmsilçisi S.Şenq rəhbərlik etdiyi şirkət haqqında ətraflı məlumat verərək şirkətinin hədəfləri, gələcək məqsədləri barədə danışıb. Blokçeyn texnologiyalarının, eyni zamanda süni intellektin tətbiqi ilə bağlı şirkətin gördüyü işlər haqqında məlumat verən S.Şenq Azərbaycan gömrük xidməti ilə əməkdaşlıqdan məmnun olacaqlarını bildirib.
S.Mehdiyev, həmçinin "Nuctech" şirkətinin vitse-prezidenti San Şanqminlə də görüşüb.
O bildirib ki, Azərbaycan gömrük orqanlarının informasiya texnologiyalarının tətbiqi ilə bağlı bir sıra layihələrindən dünyanın müxtəlif ölkələrinin gömrük orqanları yararlanır. S.Mehdiyev Dövlət Gömrük Komitəsinin bu sahədə əməkdaşlığa, təcrübə mübadiləsinə xüsusi önəm verdiyini və "Nuctech" şirkəti ilə əməkdaşlığın da hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.*
B.Rüstəmbəyov