Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Polad Aslanov barəsində cinayət işinin başlanılması barədə məlumat yayıb.
““xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoruP.Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib”, - deyə DTX-nin məlumatında bildirilir.
Müəyyən edilib ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılıb.
P.Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib.
“İstintaq zamanı P.Aslanovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı materiallar əldə edilib”, - deyə məlumatda qeyd olunur.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.*
R.Babayev