Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva cümə axşamı Bakının Xəzər rayonunun Binə qəsəbəsində “Ümid yeri” uşaq sığınacağının yeni inşa olunan binasının açılışında iştirak edib. Bu barədə rəsmi mətbuat məlumat verir.
Uşaq sığınacağı 1997-ci ildə təsis olunub. Burada 18 yaşınadək şəxslər məskunlaşır. Sığınacaqda qaldıqları müddətdə onlara hüquqi, mənəvi, sosial və tibbi yardımlar edilir, uşaqların cəmiyyətə adaptasiya olunmalarına və təhsil almalarına dəstək göstərilir.
İkimərtəbəli müəssisənin binası 53 yerlikdir. Yeni bina oğlanlar, qızlar və kiçik yaşlı uşaqlar üçün bölmələrin yaradılmasına imkan verib. Bütün otaqlar müasir avadanlıqla təchiz edilib. Uşaq sığınacağında yataq, sinif otaqları, informatika kabinetləri, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət və əyləncə zonaları, yeməkxana yaradılıb.
Uşaq sığınacağının yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa olunub.
Bundan əlavə, M.Əliyeva həmin gün Bakının Yasamal rayonunda Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olub.
bu təhsil müəssisəsi 1940-cı ildə 1 nömrəli uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb. Məktəbə 1985-ci ildə Vaqif Mustafazadənin adı verilib. 1988-ci ildən isə 2 nömrəli uşaq incəsənət məktəbi kimi fəaliyyətini davam etdirib və burada əlavə şöbələr açılıb. Hazırda məktəbdə 385 şagird təhsil alır.
Məktəbin yerləşdiyi bina indiyədək əsaslı təmir edilməyib. Mehriban Əliyeva məktəbdə müvafiq təmir-bərpa işlərinin aparılmasına dair göstəriş verdi. **
N.Abbasova