Avropa İttifaqı (Aİ) Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirir və Azərbaycanı enerji sahəsində əsas strateji tərəfdaş hesab edir. Azərbaycan prezidentinin saytında verilən məlumata görə, bunu Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları Direktorluğunun komissarı Yohannes Han deyib.
Prezident İ.Əliyev və Y.Han iyunun 13-də Bakıda baş tutan görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin hazırkı vəziyyəti və perspektivlərini müzakirə edib.
Y.Han Azərbaycanı Avropa İttifaqı üçün aparıcı tərəfdaş ölkələrdən biri kimi qiymətləndirib və Avropa İttifaqının ölkəmiz ilə bütün sahələrdə əməkdaşlığa xüsusi diqqət yetirdiyini vurğulayıb. O, Azərbaycanın Avropa İttifaqı üçün enerji sahəsində əsas strateji tərəfdaş olduğunu bildirib və Cənub Qaz Dəhlizi layihəsinin qısa zamanda yekunlaşacağına əminliyini ifadə edib.
“Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların yekunlaşması əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə ciddi təkan verəcək”, - deyə qonaq qeyd edib.
Komissar Y.Han, həmçinin deyib ki, Azərbaycan Avropanı geniş Avrasiya məkanı ilə birləşdirən mühüm nəqliyyat dəhlizidir və bu sahədə saziş və layihələrin imzalanması və həyata keçirilməsinin tərəfdarıdır.
Prezident İ.Əliyev Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı mühüm işlərin görüldüyünü və artıq yaxşı nəticələrin əldə edildiyini bildirib.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.*
N.Abbasova