Rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun səylərinin artırılmasını gözləyir. Bunu xarici işlər nazirinin müavini Ramiz Həsənov deyib.
XİN-in məlumatına görə, bu barədə Həsənov Azərbaycan və İspaniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr zamanı bildirib.
Həsənov İspaniyanın xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirinin müavini Fernando Martin Valenzuela Marzoya Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib. O, münaqişənin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında həll edilməsi üçün ATƏT-in Minsk Qrupunun və beynəlxalq birliyin səylərinin artırılmasının zəruriliyini vurğuladı
“Həsənov Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyinin danışıqlar prosesinə ciddi zərbə vurduğunu bildirdi”, - məlumatda deyilir.
Marzo, öz növbəsində qeyd edib ki, Madrid Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə ədalətli həllinin tərəfdarıdır.
O, həmçinin Azərbaycanın Kataloniya məsələsinin İspaniyanın Konstitusiyasını rəhbər tutaraq, ölkənin ərazi bütövlüyü əsasında həllinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə etdi. **
F.İsazadə