Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədi Bakıda keçirilən Azərbaycan və İspaniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin yekununa dair xarici işlər nazirinin müavini Ramiz Həsənov və İspaniyanın xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirinin müavini Fernando Martin Valenzuela Marzo imzaladılar.
“Görüşdə Həsənov iqtisadi və humanitar sahələrdə, xüsusilə də turizm, təhsil, energetika, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji sektorlarında əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd etdi”, - XİN-in mətbuat xidməti məlumat verir.
Həmçinin, Həsənov, hazırda iki ölkə arasında baxılmaqda olan saziş layihələrinin aktuallığının müəyyən edilərək tərəflər arasında ən qısa zamanda razılaşdırılmasına diqqət çəkib.
“Nazir müavini prioritet istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi məqsədilə müqavilə-hüquq bazasının da genişləndirilməsinin vacibliyini vurğuladı”, - məlumatda qeyd olunur.
Marzo iki ölkə arasında mövcud siyasi münasibətlərin səviyyəsindən məmnunluq ifadə etdi.
“O, iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğu fikri ilə razılaşdı və İspan şirkətlərinin Azərbaycanda fəaliyyətinin artırılması üçün geniş imkanların olduğunu qeyd etdi”, - məlumatda vurğulanır. **
F.İsazadə