2019-cu ilin yanvar-may aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 19,6 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-may aylarında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15% artıb.
Cari ilin yanvar-may aylarında sənaye məhsulunun 69,9%-i mədənçıxarma sektorunda, 25,1%-i emal sektorunda, 4,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 92,8%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 63,9%, içkilərin istehsalı 59,8%, toxuculuq sənayesi məhsullarının istehsalı 47,4%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 46,7%, mebel istehsalı 45,8%, rezin və plastik kütlə məmulatlarının, kağız və karton istehsalının hər biri 32,8%, kimya sənayesi məhsullarının istehsalı 30,4%, hazır metal məmulatlarının istehsalı 21,1%, qida məhsullarının istehsalı 20,5%, poliqrafiya məhsullarının istehsalı 19,5%, əczaçılıq məhsullarının istehsalı 16,8%, maşın və avadanlıqların istehsalı 15,8%, tütün məmulatlarının istehsalı 14,9%, tikinti materiallarının istehsalı 5% artıb.
Hesabat dövründə geyim istehsalı 0,1%, sair nəqliyyat vasitələrinin istehsalı 1,8%, elektrik avadanlıqlarının istehsalı 7,9%, kompüter, elektron və optik məhsulların istehsalı 8,8%, metallurgiya sənayesi məhsullarının istehsalı 18,4%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 27,7% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8% artıb.
2018-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 47,7 mlrd. manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 1,5% çoxdur.*
N.Abbasova