1 may 2019-cu il tarixinə Azərbaycanda orta aylıq nominal əmək haqqı 581,2 manat (cari məzənnə ilə $341,9 – İF-Az) təşkil edir ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 7,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya, rabitə, peşə, elmi və texniki fəaliyyət, nəqliyyat, anbar təsərrüfatı və tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
2019-cu il mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 mln. 583,3 min nəfər olub ki, bu da 2018-ci illə müqayisədə 2,9% çoxdur. Onlardan 895,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 687,6 min nəfəri isə özəl sektorda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 21,2%-i təhsil, 18,5%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 13%-i sənaye, 8,4%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə, 6,9%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,3%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 12,3%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.**
B.Rüstəmbəyov