Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında azalma, eyni zamanda dövriyyədə olan ödəniş kartların sayında artım olduğunu qeyd edir.
“İyunun 1-nə respublikada 67,032 min pos-termuinal qeydiyyata alınıb”, - Cabbarov bu gün parlamentdə “2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib. Bu barədə “İnterfaks-Azərbaycan”ın parlament müxbiri məlumat verir.
Onun sözlərinə görə, bu, 2016-cı ilin göstəricisindən 16% azdır.
“Müqayisə üçün, 2016-cı ildə Azərbaycanda 80,301 min pos-terminal olub”, - Cabbarov vurğulayıb.
Nazir dövriyyədə olan ödəniş kartların sayında kəskin artım qeyd edib. “Bu gün Azərbaycanda rekord sayda– 6,721 mln. ədəd ödəniş kartı dövriyyədədir”, - Cabbarov bəyan edib.
Onun sözlərinə görə, Azərbaycanda öz obyektlərində pos-terminallardan istifadə edən sahibkarlar üçün komissiya yığımı digər ölkələrdən daha cəlbedicidir. “Azərbaycanda komissiya yığımı 1,29%-2,37% təşkil edir. Müqayisə üçün, Gürcüstanda bu göstərici 1,5%-2%, İngiltərədə - 1,5%-2%, İtaliyada – 2%-2,75%, Rusiyada – 2%-3% təşkil edir”, - nazir vurğulayıb. **
R.Babayev