Azərbaycanda daşınmaz əmlakın icbari sığortası növünün nüfuzetmə səviyyəsi aşağıdır. “AzSığorta” şirkətinin Mənfəət Mərkəzinin rəhbəri Qoşqar Şəkərliyev belə hesab edir.
"Daşınmaz əmlakın icbari sığortası üzrə yığımların həcmi hər il artsa da, bu məhsulun nüfuzetmə səviyyəsi aşağıdır", - deyə o, bu gün "İnterfaks-Azərbaycan" agentliyinə bildirib.
Q.Şəkərəliyevin sözlərinə görə, bunun əsas səbəbi əhalinin maliyyə savadlılığının zəif olması və zəruri nəzarət mexanizmlərinin olmamasıdır.
"Hazırda mənzillərin yenidən rəsmiləşdirilməsi zamanı yalnız notariuslar tərəfindən müəyyən nəzarət həyata keçirilir. Bundan başqa, yaşayış obyektləri üçün sığorta polisinin olmamasına görə cərimə tətbiq olunmasa da, müəssisələr üçün tətbiq olunur - fiziki şəxslər üçün 30 manat, vəzifəli şəxslər üçün 80 manat, hüquqi şəxslər üçün 200 manat. Hesab edirəm ki, bu məhsulun faydalarını sübut etməklə əhalinin savadlılığını artırmaq, digər tərəfdən isə onun olmamasına görə sanksiyaları tədricən sərtləşdirmək və nəzarət mexanizmləri yaratmaq lazımdır”, - deyə o qeyd edib.
Xəbər verildiyi kimi, 2018-ci ildə daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 30 mln. 364,5 min manat (2017-ci illə müqayisədə artım 8,7%), ödənişlər 4 mln. 25,2 min manat (42,3%) təşkil edib.
Daşınmaz əmlakın icbari sığortası hüquqi və fiziki şəxslərə məxsus tikililərə, yaşayış və qeyri-yaşayış sahələrinə, yaşayış evləri, binaları və mənzillərə, habelə dövlət əmlakına şamil edilir. Bununla yanaşı, elektrik naqillərində baş verən qısaqapanma, yanğın, partlayış, su və kanalizasiya sistemində qəzalar, təbii fəlakətlər və s. ilə bağlı olan faktlar sığorta hadisəsi hesab olunur.
Bakıda daşınmaz əmlakın sığorta məbləğinin maksimal həcmi 25 min manat, Gəncə, Naxçıvan və Sumqayıtda 20 min manat, digər yaşayış məntəqələrində 15 min manat təşkil edir.
Bu sığorta növü üzrə sığorta tarifi sığorta məbləğinin 0,2%-ni təşkil edir.
Azərbaycanda 12 sığorta şirkəti daşınmaz əmlakın icbari sığortası üzrə xidmətlər göstərmək üçün lisenziyaya malikdir.*
Ə.Məmmədov