2019-cu ilin yanvar-may aylarında Azərbaycana 1 mln. 94,8 min nəfər turist gəlib, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 3,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2019-cu ilin yanvar-may aylarında Aszərbaycana gələn turistlərin sayı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 3,7% - 1 mln. 94,8 min nəfərə qədər artıb. Rusiya Federasiyasından gələn turistlərin xüsusi çəkisi 28,5%, Gürcüstandan - 26%, Türkiyədən – 10,9%, İrandan – 7,7%, Birləşmiş Ərəb Əmirliklərindən – 3% təşkil edib”, - Komitədən bildirilir.
Eyni zamanda, turistlərin 69,1%-ni kişilər, 30,9%-ni isə qadınlar təşkil edib.
2019-cu ilin yanvar-may aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,8% artaraq 54,4 min nəfərə qədər, MDB ölkələrindən gələnlərin sayı 3,6% - 380,8 min nəfərə qədər artıb.
Eyni zamanda, hesabat dövründə Azərbaycana Çindən gələn turistlərin sayı 1,8 dəfə, Misirdən – 1,8 dəfə, Hindistan və Səudiyyə Ərəbistanından – 1.7 dəfə, Cənubi Koreyadan – 31,4%, Yaponiyadan – 30,1%, Almaniyadan – 28%, Kanadadan – 27,7%, Polşadan – 23,4%, Gürcüstandan – 22,7% artıb.
Ölkəmizə gələn turistlərin 60,4%-i dəmir yolu və avtomobil, 38,8%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.
Hesabat dövründə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 25,5% - 2 mln. 65,9 min nəfərə qədər artıb. Eyni zamanda, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 73,6%, Gürcüstana gedənlərin sayı 10,6%, Rusiya Federasiyasına gedənlərin sayı 5,6%, Türkiyəyə gedənlərin sayı isə 0,1% artıb.
“Cari ilin yanvar-may aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 83,8%-i dəmir yolu və avtomobil, 15,4%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib”, - Komitədən qeyd olunur.**
F.İsazadə