Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan hökumətinə özəl sektorun rolunun yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi və şəffaflığın artırılmasına yönəlmiş struktur islahatları dərinləşdirməyi və genişləndirməyi tövsiyə edir.
Fondun missiyasının Azərbaycan hökuməti ilə IV maddə üzrə aparılmış məsləhətləşmələrin yekunları üzrə yaydığı bəyanatda qeyd olunur ki, 2019-cu ildə Azərbaycanda ÜDM-nin 2,7%, 2020-ci ildə isə 2,1% artacağı proqnozlaşdırılır. 2019-2020-ci illərdə qeyri-neft sektorunda artım müvafiq olaraq 2,8% və 2,7% təşkil edəcək. Cari ildə neft sektorunda ÜDM-nin artımı 2,5%, 2020-ci ildə isə 1,2% səviyyəsində proqnozlaşdırılır.
"Bu il Cənub Qaz Dəhlizi boru kəmərinin istismara veriləcəyi ilə əlaqədar karbohidrogen hasilatının artacağı gözlənilir", - deyə bəyanatda bildirilir.
BVF-nin qiymətləndirmələrinə görə, 2019-cu ildə Azərbaycanda orta illik inflyasiya 3,2%, 2020-ci ildə isə 3,3% təşkil edəcək.
BVF 2019-cu ildə Azərbaycanın tədiyə balansının profisitini ÜDM-nin 10,4%-i, 2020-ci ildə ÜDM-nin 10,9%-i səviyyəsində proqnozlaşdırır.
2019-2020-ci illərdə Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşları müvafiq olaraq ÜDM-nin 4,8%-ni və 4,5%-ni təşkil edəcək.
Fondun proqnozlarına əsasən, 2019-cu ildə Azərbaycanın beynəlxalq ehtiyatları qeyri-neft məhsullarının idxalını 5, 7 ay, 2020-ci ildə isə 6 ay ərzində əvəzləmək üçün kifayət edəcək.
BVF Azərbaycan hökimətinin pul-kredit siyasətinin yumşaldılmasını davam etdirməsini məqsədəuyğun hesab edir. "Azərbaycan Mərkəzi Bankının bu yaxınlarda açıqladığı kimi, inflyasiyanın hədəflənməsi rejiminə keçid şoklarla mübarizə aparmağa və riskləri daha effektiv idarə etməyə kömək edəcək. Pul-kredit əməliyyatlarının təkmilləşdirilməsi və yerli valyutada qiymətli kağızların buraxılışının artırılması üzrə tədbirlərlə birlikdə bu, maliyyə bazarının inkişafına kömək edəcək və maliyyə sektorunun likvidliyinin idarə olunmasını asanlaşdıracaq", - deyə missiyanın rəhbəri Natalya Tamirisa hesab edir.
Eyni zamanda, o vurğulayır ki, ortamüddətli dövrdə Azərbaycanda ÜDM-nin artım templərinin yüksəlməsi, eləcə də iqtisadiyyatın şaxələndirilməsi özəl sektorun rolunun yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi və şəffaflığın artırılmasına yönəlmiş struktur islahatlarının dərinləşdirilməsini və genişləndirilməsini tələb edir. Təhsil və səhiyyənin keyfiyyətinin yaxşılaşdırılması daha məhsuldar işçi qüvvəsinin yaradılmasına kömək edəcək. Sosial tədbirlər məqsədyönlü olmalıdır. İqtisadi siyasətin əsasları və institutlarının davamlı inkişafı siyasəti hökumətin özəl, şaxələndirilmiş və inklüziv iqtisadi artımla bağlı təsəvvürlərinə uyğunlaşdırmağa kömək edəcək", - deyə N.Tamirisa qeyd edib.
Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. Azərbaycan hökuməti 2006-cı ildən BVF-dən kredit almır və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində həyata keçirilir.*
A.Əzizov