Podqoritsa İon-Adriatik Qaz Kəmərinin (İAP) tikintisi layihəsinin həyata keçirilməsində Bakının maliyyə dəstəyinə ümid edir. Bunu Monteneqronun baş naziri Duşko Markoviç deyib.
"Monteneqro Azərbaycanın həyata keçirdiyi Cənub Qaz Dəhlizinin (CQD) bir hissəsi olacaq qaz kəməri layihəsində iştirak edir. Bu, Albaniyada başlayan və Monteneqro, Bosniya və Herseqovina ərazisindən Xorvatiyaya keçən IAP layihəsidir", - deyə D.Markoviç "İnterfaks-Azərbaycan" agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Monteneqro bu layihədə çox maraqlıdır. "Biz Azərbaycandan olan həmkarlarla işləmək niyyətindəyik ki, bu layihənin həyata keçirilməsində bizi dəstəkləsinlər və maliyyə yardımı göstərsinlər", - deyə baş nazir əlavə edib.
Qeyd edək ki, 2007-ci ildə Xorvatiya, Monteneqro və Albaniya Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilməsi nəzərdə tutulan IAP üzrə bəyannamə imzalayıb.
IAP kəmərinin uzunluğu 530 km, ötürücülük gücü illik 5 mlrd. kubmetr təşkil edəcək.
IAP-ın texniki məsləhətçilərindən biri Azərbaycan Dövlət Neft Şirkətidir.
Müsahibənin tam mətni ilə www.interfax.az saytında tanış olmaq olar.*
F.İsazadə