Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Baş Planının hazırlanması çərçivəsində layihələrin qəbuluna başlayıb. Bunu Komitə sədri Samir Nuriyev deyib.
“Biz artıq layihələrin qəbuluna başlamışıq. Lakin düşünürük ki, dövlət orqanları bu və ya digər layihələr barədə daha yaxşı məlumatlıdır. Bu səbəbdən dövlət orqanları tərəfindən layihələrin qəbulu üçün xüsusi forma yaratmışıq. Həmin layihələr təhlil olunaraq əsas prioritetlərə uyğunluq şərti ilə Baş Plana daxil ediləcək”, - Nuriyev bu gün jurnalistlərə bildirib.
Xəbər verildiyi kimi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərinin Baş Planının hazırlanması işinə “The Boston Consulting Group” şirkətini cəlb edib. Müqavilənin dəyəri 1 mln. 285 min avrodur.
Birinci mərhələdə paytaxt ilə bağlı bugünədək hazırlanmış bütün şəhərsalma və ərazi planlaşdırılması sənədləri, o cümlədən “Böyük Bakının Regional İnkişaf Planı” və “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələri təhlil edilib, ən uğurlu dünya təcrübəsi və ölkənin inkişaf prioritetləri nəzərə alınaraq Bakı şəhərinin inkişafı konsepsiyası hazırlanıb, inkişaf prioritetlərinin istiqamətləri müəyyənləşdirilib.
İkinci mərhələyə Almaniyanın "AS+P" şirkəti cəlb olunub. Bu mərhələdə şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılması, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlər aparılacaq.
Nəzərdə tutulan bu çoxşaxəli kompleks fəaliyyət çərçivəsində müxtəlif incələmə səviyyəsində bir sıra istiqamət üzrə proqramlar işlənəcək. “Ərazilərin tarazlı istifadəsi və inkişafı”, “Yol-nəqliyyat infrastrukturunun və ictimai nəqliyyat sisteminin inkişafı”, “Ətraf mühitin və ekoloji durumun yaxşılaşdırılması”, “Mühəndis-kommunikasiya sisteminin inkişafı”, “İctimai məkanların inkişafı”, “Əsaslı tikinti və tikinti sıxlığının tənzimlənməsi” və digər proqramlar paytaxtın Baş Planı üzərində işin əsas tərkib hissələri kimi nümunə gətirilə bilər.
Bakının Baş Planı hazırlandıqdan sonra sənədin yekun layihəsi təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunacaq. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Baş Plan şəhər ərazisi daxilində torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadə növlərini müəyyənləşdirir və növbəti 20 il ərzində şəhərin inkişafında iştirak edən bütün qurumlar tərəfindən bu istiqamətdə fəaliyyətdə rəhbər tutulacaq əsas sənəddir. **
Ə.Məmmədov