Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurası cümə axşamı keçirilən iclasda Fondun 2018-ci il büdcəsinin icrası layihəsini təsdiq edib. Bu barədə Fonddan məlumat verilir.
Müşahidə Şurasının iclası zamanı ARDNF-nin 2018-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabatına, ARDNF-nin 2018-ci il büdcəsinin icrası, 2018-ci il büdcəsinin icrası barədə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi barədə məsələlərə baxıldı.
“ARDNF-nin 2018-ci il büdcəsinin gəlirlərinin 17 614,1 mln. manat və yaxud 115% səviyyəsində, büdcə xərclərinin isə 11 455,6 mln. manat və ya 99,8% səviyyəsində icra edildiyi nəzərə alınaraq, ARDNF-nin 2018-ci il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim edilməsi qərara alındı”, - məlumatda deyilir.
Qeyd olunur ki, ARDNF-nin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda ARDNF-nin maliyyə və büdcəsinin icrası barədə hesabatların son təqdim edilməsi müddətində dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edildi və bu dəyişikliklərin Azərbaycan prezidentinə təqdim edilməsi tövsiyə edildi.
İclas zamanı Azərbaycanın baş naziri Novruz Məmmədov növbəti müddətə Müşahidə Şurasının sədri seçilib.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır. **
N.Abbasova