“DNV GL Energy Advisory GmbH” şirkəti (Norveç-Almaniya) ”Bərpa olunan və alternativ enerji mənbələri haqqında” qanun layihəsinin ilkin variantını hazırlayıb və Energetika Nazirliyinə təqdim edib. Bu barədə nazirliyin məlumatında deyilir.
“Bununla yanaşı, "DNV-GL” tərəfindən “Bərpa Olunan Enerji Növləri üzrə Çərçivə Planı”, Azərbaycan üçün “Ümumi Konsepsiya”, qanunvericilik aktlarına dair ölkədə mövcud vəziyyət və beynəlxalq təcrübə barədə hesabatlar hazırlanaraq Energetika Nazirliyinə təqdim edilib”, - deyə məlumatda bildirilir.
Bərpa olunan enerji sahəsinə investisiya qoyuluşunun təşviq edilməsi üçün beynəlxalq şirkətlərlə əməkdaşlıq əlaqələri gücləndirilib. Əməkdaşlıq barədə anlaşma memorandumu və bu tipli sənədlər imzalanmış şirkətlərin sayı 8-ə çatıb (BP, “Masdar”, “Avelar Solar”, “Tekfen”, “Total”, “Equinor”, “Akwa Power”, “Mitsui Co”).
Hesabat dövründə bərpa olunan enerji mənbələri üzrə hərracların keçirilməsi mexanizmini müəyyən edən qanunvericilik aktlarının, külək və günəş enerjisi layihələrinin texniki iqtisadi əsaslandırmalarının, hərracların dizaynının hazırlanması ilə bağlı dəstəyin əldə edilməsi üçün beynəlxalq maliyyə qurumları ilə danışıqlar aparılıb və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən bu tədbirlərin icrasının maliyyələşdirilməsinə razılıq verilib.*
B.Rüstəmbəyov