Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının əsas səbəbi Ermənistanın destruktiv mövqeyidir.
“Təkbətək görüş zamanı mən (Donald Tuska - İF) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyimiz barədə məlumat verdm. Dəyişməz mövqeyimiz ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Səylərimiz münaqişənin tezliklə həllinə yönəldilib”, - Əliyev bu gün Bakıda Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə birgə brifinqdə çıxışı zamanı bildirib.
O vurğulayıb ki, “münaqişənin həll olunmamasının əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir”. “Beynəlxalq birlik və ATƏT-in Minsk qrupunun səyləri münaqişənin tezliklə həllinə yönəldilməlidir”, - dövlət başçısı qeyd edib.
“Status-kvo qəbuledilməzdir və dəyişilməlidir. Status-kvonun dəyişilməsi Azərbaycan ərazilərinin işğaldan azad olunmasının başlanğıcı deməkdir”, - prezident bəyan edib.
Əliyev həmçinin qeyd edib ki, uzun illərdir Azərbaycan əraziləri Ermənistanın işğalı altındadır, 1 milyondan artıq qaçqın və məcburi köçkün isə “bu təcavüz və işğaldan əziyyət çəkir”. **
F.İsazadə