“Aqrolizinq” ASC SOCAR-dan 10,5 mln. manat dəyərində karbamid gübrəsi alacaq.
www.tender.gov.az saytında verilən məlumata görə, “Aqrolizinq” SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ilə karbamid gübrəsinin satın alınması haqqında müqavilə bağlayıb.
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Sumqayıtda yerləşən “SOCAR Carbamide” zavodunda istehsal olunan karbamid məhsulunun satışı ilə məşğul olur.
Daha əvvəl zavodun baş direktoru Xəyal Cəfərov bildirmişdi ki, müəssisənin hesablamalarına görə, daxili bazarda karbamidin əsas alıcısı “Aqrolizinq” ASC olacaq.
"SOCAR Carbamide" zavodu 2019-cu il yanvarın 16-da istismara verilib. Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamiddir. Zavodun karbamid ixracından illik $160 mln. gəlir əldə edəcəyi proqnozlaşdırılır.*
N.Abbasova