2019-cu ilin iyun ayında Azərbaycanda gündəlik neft hasilatı cari ilin may ayında 776 min barelə qarşı 768 min barrel təşkil edib. Bu barədə Energetika Nazirliyindən məlumat verilir.
“İyunda Azərbaycanda gündəlik neft hasilatının həcmi 768 min barrel təşkil edib. Bunun 695 min barrelini xam neft, 73 min barrelini kondensatın payına düşüb”, - məlumatda qeyd olunur.
OPEC+ çərçivəsində gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanılmasına dair razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 20 min barrel azaltmaqla bağlı öhdəlik götürüb.
“Bununla əlaqədar Azərbaycan OPEC+ çərçivəsində öhdəliyini tam yerinə yetirir”, - nazirlikdən qeyd ediblər.
İyun ayında Azərbaycandan gündəlik 471 min barrel xam neft (mayda – 494 min), 72 min barrel kondensat, 19,2 min barrel isə neft məhsulları ixrac edilib.
“İyun ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edilib”, - məlumatda vurğulanır.
2018-ci il dekabrın 7-də əldə olunmuş OPEC+ razılaşmasına əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaltmaqla bağlı öhdəlik götürüb. 2019-cu ilin iyulun 2-də Vyanada OPEC və OPEC+ üzvü olan ölkələrin nazirlərinin icasının yekununda neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay – 2020-ci ilin mart ayının sonunadək uzadılması ilə bağlı razılıq əldə olunub. Eyni zamanda, ötən ilin dekabr ayında müəyyən edilən kvotalar dəyişilməz qalıb: OPEC ölkələri üçün 800 min barrel, qeyri-OPEC ölkələr üçün 400 min barrel azaltmaq.
2018-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib.**
N.Abbasova