I yarımillikdə Azərbaycanda qeyri-enerji sektoru 3%-dən çox artıb və kənd təsərrüfatında bu il rekord həcmdə, təxminən 13% artım olub. Bunu prezident İlham Əliyev deyib.
“Hazırda biz əsasən iqtisadiyyatımızın şaxələndirilməsi üzərində işləyirik. Çünki bu, əsas prioritetdir. Bu gün neft-qaz sektorundan asılılığın azaldılması bizim əsas vəzifəmizdir. Biz iqtisadiyyatımızın şaxələndirilməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, asan deyil, lakin düşünürəm ki, biz yaxşı irəliləyişə nail olmuşuq”, - deyə İ.Əliyev bu gün Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan şirkətlərin nümayəndələri ilə görüşdə bildirib.
Dövlət başçısı qeyd edib ki, bu il qeyri-enerji sektoru 3%-dən çox artıb və kənd təsərrüfatında təxminən 13% artım olub. Qeyri-enerji sənayesində isə artım təxminən 15% təşkil edir.
İ.Əliyev vurğulayıb ki, bu, onun MEDEF nümayəndələri ilə üçüncü görüşüdür. “İndi müxtəlif şirkətlərin 40 nümayəndəsi ölkəmizdə səfərdədir. Bu, həqiqətən də tərəfdaşlığımızın çox yaxşı nümunəsidir. Bu, Azərbaycanda fəaliyyət göstərməyə böyük marağın olduğunu nümayiş etdirir. Sizin təmsil etdiyiniz bir çox şirkətlər ölkəmizdə müxtəlif layihələrdə artıq iştirak edir”, - deyə prezident əlavə edib.
Öz növbəsində, MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö qeyd edib ki, fransız biznes ictimaiyyəti Azərbaycanla əməkdaşlığa maraq göstərir. “Bu, mənim Avropa İttifaqından kənara ilk səfərimdir. Mən ilk ölkə kimi Azərbaycanı seçmişəm. Bu da fransız biznes ictimaiyyətinin ölkəyə olan marağının göstəricisidir”, - deyə o vurğulayıb.
Jofrua Ru de Beziö nümayəndə heyətinə bank, tikinti, enerji, ətraf mühit, tədbirlərin təşkili, yeni texnologiya sahələrini təmsil edən şirkətlərin daxil olduğunu bildirib.
“Bizim üçün bu şirkətləri dəstəkləmək və onları Azərbaycanın böyük potensialı olduğuna inandırmaq çox vacibdir”, - deyə MEDEF Biznes Şurasının prezidenti əlavə edib.
MEDEF-in beynəlxalq Fransa-Azərbaycan qrupunun rəhbəri, “SUEZ” qrupun baş direktorunun müavini Mari-Anj Döbon “SUEZ” şirkətinin ətraf mühitin qorunması sahəsində Azərbaycanda icra olunan layihələrə dəstək göstərməyə, bu sahədə infrastrukturun inkişafına töhfə verməyə hazır olduqlarını bildirib.
Görüşdə enerji, nəqliyyat, kənd təsərrüfatı, bərpa olunan enerji, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.*
F.İsazadə