Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun ölkəmizin gələcəkdə ərazi bütövlüyünü dəstəkləyəcəyinə əmindir.
Sadıkov çərşənbə günü Azərbaycanda işgüzar səfərdə olan NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı general Tod Voltersi qəbul edib.
“Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Sadıkov ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirərək Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib”, - nazirliyin mətbuat xidməti məlumat verir.
Azərbaycan ilə Şimali Atlantika Alyansı arasında 25 illik dayanıqlı əməkdaşlıqdan danışan Baş Qərargah rəisi bu əlaqələrin inkişaf etdiyini, Azərbaycan Ordusunun müxtəlif proqramlar çərçivəsində fəaliyyətini və ölkəmizin Əfqanıstandakı “Qətiyyətli Dəstək” Missiyasına verdiyi töhfəni qeyd edib.
Öz növbəsində, Volters Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edib.
“Volters Azərbaycanın terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib”, - məlumatda qeyd olunur.
O cümlədən, Volters NATO-nun Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini bildirərək Alyansın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.
“Qonaq səmimi qəbula və göstərilən qonaqpərvərliyə, həmçinin Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşün keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib”, - məlumatda deyilir. **
F.İsazadə