Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanununun tətbiqi barədə fərman imzalayıb.
Qanun Milli Məclisin 27 iyun 2019-cu il tarixində keçirilən plenar iclasında üçüncü oxunuşda qəbul edilib.
Ötən il büdcənin gəlirləri 22 mlrd. 508 mln. 869,67 min manat təşkil edib. Gəlirlər strukturunda Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 mlrd. 415,5 mln. manat, həmçinin qeyri-neft sektorundan – 4 mlrd. 974 mln. manat və ya nazirliyin xətti ilə bütün yığımların 67,1%-ni təşkil edib.
2018-ci ildə Azərbaycanın dövlət büdcəsinin kəsiri 222 mln. 774,848 min manat və ya ÜDM-in 0,28%-ni təşkil edib.
2018-ci ildə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 3 mlrd. 434 mln. manat təşkil edib.
ARDNF-dən dövlət büdcəsinə transfertlər 10 mlrd. 959 mln. manat, digər gəlilər – 163 mln. 579,149 min manat, büdcə təşkilatlarının büdcədənkənar gəlirləri – 455,3 mln. manat təşkil edib.
2018-ci il ərzində dövlət büdcəsinin xərcləri 22 mlrd. 731 mln. 644,518 min manat təşkil edib. Sosial xərclər 7 mlrd. 196,5 mln. manat və ya ötən il ərzində dövlət büdcəsinin bütün xərclərinin 31,7%-ni təşkil edib.
2018-ci ildə dövlət büdcəsinin cari xərcləri 11 mlrd. 554,3 mln. manat və ya dövlət büdcəsinin bütün xərclərinin 50,8%-ni, əsaslı xərclər – 8 mlrd. 941,7 mln. manat (bütün xərclərin 39,4%-ni), dövlət borcu və öhdəliklərə xidmət xərcləri – 2 mlrd. 235,6 mln. manat (bütün xərclərin 9,8%-ni) təşkil edib.
2018-ci ilin dövlət büdcəsinin gəlirləri 22 mlrd. 149 mln. manat, xərcləri – 23 mlrd. 100 mln. manat həcmində təsdiq olunub. Dövlət büdcəsinin kəsiri 951 mln. manat və ya ÜDM-in 1,3% səviyyəsində proqnozlaşdırlıb. ** Ə.Məmmədov