Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2018-ci ildə bəzi yataqlarda qazma işlərinin aparılması və “Azərenerji” ASC-yə qaz satışı ilə əlaqədar yaranmış zərərin ödənilməsi üçün dövlət büdcəsindən 959 mln. 504,28 min manat alıb.
Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanuna əsasən, ötən il SOCAR “Ümid”, “Qarabağ” və “Babək” yataqlarında qazma işlərinin aparılması üçün 663,2 mln. manat (nəzərdə tutulmuş vəsaitin 100%-i) alıb.
Bundan başqa, SOCAR 2018-ci il dövləıt büdcəsində nəzərdə tutulmuş 300 mln. manat məbləğində subsidiyanın 296 mln. 304,28 min manatını alıb. Bu vəsait idxal olunan təbii qazın “Azərenerji” ASC-yə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsinə yönəldilib.*
A.Əzizov