Çinin İpək Yolu Fondu (Silk Road Fund, SRF) Azərbaycanda infrastruktur layihələrinə sərmayə qoyulması imkanlarını öyrənir. Bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Çinin İpək Yolu Fondunun Müşahidə Şurasının sədri Yan Zedjun əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
“Y.Zedjun İpək Yolu Fondunun böyük investisiya imkanlarından danışıb və bu sərmayənin bütün dünyanın inkişafına töhfə verə biləcəyini vurğulayıb. O, hazırda fondun maliyyə imkanlarının genişləndirilməsindən, həmçinin müxtəlif sahələrə sərmayə qoymaqda maraqlı olduqlarından bəhs edib. Fondun müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirak etdiyini bildirən Y.Zedjun bu istiqamətdə Azərbaycanla da əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb”, - deyə məlumatda bildirilir.
Fond rəhbəri SOCAR-ın fəaliyyətini yaxından izlədiklərini, şirkətin inkişaf konsepsiyası ilə tanış olduqlarını diqqətə çatdırıb.
R.Abdullayev Azərbaycanda həyata keçirilən infrastruktur layihələri haqqında qonaqları məlumatlandırıb, gələcəkdə həyata keçiriləcək enerji layihələrində Çinlə əməkdaşlıq perspektivlərindən söz açıb.*
N.Abbasova