Sahibkarlığın İnkişafı Fondu İsmayıllı rayonunda biznes strukturların maliyyələşdirlməsi üçün prioritet sahələri müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Fonddan məlumat verilir.
Xüsusilə, Fond aşağıdakı layihələrin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir: cins heyvandarlıq, arıçılıq, o cümlədən sənaye üsulu ilə bal istehsalı, intensiv bağçılıq və bitkiçilik təsərrüfatlarının yaradılması, ət kəsimi və satışı mərkəzi, süd emalı müəssisəsi və otelin yaradılması.
“Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığın İnkişafı Fonduna müraciət edə bilərlər”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.
2018-ci ildə fondun xətti ilə sahibkarlara 160,2 mln. manat güzəştli kredit verilib. 2019-cu ildə bu məbləğ ən azı 160 mln. manat təşkil edəcək.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.**
Ə.Məmmədov