Vergilər Nazirliyi 2019-cu ilin yanvar-may aylarında ölkədə istehsal olunan aksizli tütün məmulatları və spirtli içkilər üzrə dövlət büdcəsinə daxilolmaların əhəmiyyətli dərəcədə artdığını qeyd edir.
Nazirliyin materiallarına əsasən, 2019-cu ilin yanvar-may aylarında tütün məmulatlarının aksiz məbləği 28 mln. 499,5 min manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 5,6 dəfə çoxdur.
Hesabat dövründə tütün məmulatlarının istehsal həcmi 18,4% - 1 mlrd. 499,454 mln. ədədə qədər artıb.
Cari ilin yanvar-may aylarında alkoqollu məhsullar və energetik içkilərin istehsalı 15,7% - 37 mln. 55,6 min litrə qədər, aksiz məbləği 2,5 dəfə - 25 mln. 320,2 min manatadək artıb.
“2019-cu ilin yanvar-may aylarında tütün məmulatlarının istehsalçıları üzrə dövriyyə 3,7 dəfə, alkoqollu içkilərin istehsalçılarının dövriyyəsi isə 1,6 dəfə artıb. Bu artımlar əsasən yeni istehsal müəssisələrinin yaranması, eyni zamanda, bu müəssisələrdə vergi nəzarətinin gücləndirilməsi sayəsində mümkün olub”, - deyə məlumatda bildirilir.
Vergilər Nazirliyi alkoqollu məhsullar və tütün məmulatlarının istehsalı ilə məşğul olan müəssisələrdə “kölgə dövriyyəsi” ilə mübarizə məqsədilə 2018-ci ildən bu müəssisələrdə aksiz postlarının qurulmasına başlayıb.*
A.Əzizov