Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı əmindir ki, geosiyasi və iqtisadi maraqları olan müəyyən qruplar Qafqazdakı münaqişələrə dini xarakter verməyə çalışır.
"Qafqazda bir sıra münaqişə ocaqları var. Bu münaqişə ocaqlarından din adı altında istifadə etməyə çalışan qruplar var. Bu münaqişələrdə dini amil axtarmaq lazım deyil. Onların arxasında yalnız geosiyasi maraqlar dayanır. Böyük siyasi və iqtisadi maraqları olan qrupların əməlləri dayanır", - deyə M.Qurbanlı bu gün Bakıda keçirilən “İslam Sivilizasiyası Qafqazda” adlı II beynəlxalq simpoziumda bildirib.
O vurğulayıb ki, nə Qurani-Kərim, nə İncil, nə də Tövrat insanları savaşa çağırmır. Onlar əksinə, insanları sülhə, əmin-amanlığa çağırırlar, ona görə də İslamın Qafqaz sivilizasiyasında yeri və rolundan danışdıqda Qafqazda yaşayan xalqların tarixini, onların mənsub olduğu dinləri dəqiq bilmək lazımdır.
“Ümumi Qafqaz evi yaratmaqla Qafqazda yaşayan xalqlar arasında sülhə, əmin-amanlığa nail ola bilərik. Bu da Qafqazın inkişafına böyük təkan verə bilər”, - deyə o vurğulayıb.
M.Qurbanlı əlavə edib ki, Ümumi Qafqaz evinin yaradılması ideyası yeni deyil və multikultural dəyərləri qorumağa xidmət edir.*
F.İsazadə