Energetika Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) energetika və ekologiya sahələrində birgə layihələrin reallaşdırlmasına dar razılığa gəlib. Bu barədə nazirliyin mətbuat xidməti qeyd edir.
Energetika naziri Pərviz Şahbazov və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Rezident nümayəndəsi Alessandro Frakassetti cümə axşamı Bakıda müvafiq Niyyət Protokolu imzalayıblar.
“Sənəddə Azərbaycanın enerji dayanıqlığının təmin edilməsi, iqlim dəyişmələri, enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrindən istifadə, emissiyaların azaldılması və ətraf mühitin qorunması kimi layihələrin həyata keçirilməsində UNDP ilə əməkdaşlıq öz əksini tapıb”, - məlumatda deyilir.
Bundan başqa, Protokol “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsində UNDP ilə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Şahbazov bildirib ki, UNDP ilə əməkdaşlıq ümümi maraqlarımıza cavab verən prioritetlərin reallaşmasına və energetika sektorunda islahatların aparılmasına töhfə verəcək.
Frakassetti öz növbəsində təmsil etdiyi qurumun fəaliyyətində enerji sahəsinin mühüm istiqamətlərdən biri olduğunu, energetika sektorunda qlobal və milli səviyyədə məsələlərin həllinə lazımi dəstəyin veriləcəyini bildirib.
1992-ci ildən etibarən Azərbaycan UNDP ilə birlikdə inkişaf yönümlü bir sıra layihələr həyata keçirir. **
N.Abbasova